PAŞA Holding
PAŞA Bank
PAŞA Bank

PAŞA Bank

PAŞA Bank Azərbaycan, Gürcüstan və Türkiyədə korporativ və investisiya bankçılığı xidmətləri təqdim edir.

PAŞA Bank Azərbaycan

“PAŞA Bank” Açıq Səhmdar Cəmiyyəti (PAŞA Bank və ya PAŞA Bank Azərbaycan və ya “PAŞA Bank” ASC) Azərbaycanın aparıcı korporativ banklarından biridir.

2007-ci ildə yaradılmış PAŞA Bank böyük korporasiyalardan kiçik və orta ölçülü müəssisələr və PAŞA Bankın əməkhaqqı kartı sahiblərinədək müştərilərə investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi də daxil olmaqla əsas maliyyə xidmətlərini təklif edir.  Bank əsasən iqtisadiyyatın qeyri-neft sektorunda, fərdi olaraq kənd təsərrüfatı, nəqliyyat və kommunikasiya, istehsalat, tikinti və ticarət kimi sahələrdə fəaliyyət göstərən şirkətlərə xidmətlər göstərərək Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə öz töhfəsini verir.

PAŞA Bank aktivlərinin həcminə görə TOP-3 banklar siyahısına daxildir. 31 dekabr 2023-cü il tarixinə olan konsolidə olunmuş göstəricilərə görə Bankın kapitalı 833 mln AZN, aktivlərinin həcmi isə 8,893 mln AZN təşkil edib. 

PAŞA Bank bu gün 1200 nəfərdən çox əməkdaşın daxil olduğu beynəlmiləl komandadır. Bank daim regionun ən böyük və aparıcı maliyyə institutuna çevrilmək və hazırda təklif etdiyi, beynəlxalq səviyyəli məhsul və xidmətlər çeşidini artırmaq istiqamətində çalışır.

Azərbaycanın ən gənc və eyni zamanda ən iri banklarından biri olaraq, PAŞA Bank daim maliyyə və texnoloji yeniliklərin nəbzini tutur. PAŞA Bank müştərilərə mümkün olan ən yaxşı xidməti göstərmək məqsədilə bazarın müasir tendensiyaları ilə ayaqlaşmaq, beynəlxalq təcrübəni və ən yeni texnologiyaları tətbiq etmək üçün səylər göstərir.

Standard & Poor's:

  • Uzunmüddətli Kredit Reytinqi: “BB-”
  • Reytinq Proqnozu: “Sabit”

Daha ətraflı: www.pashabank.az

PAŞA Bank Gürcüstan

“PAŞA Bank Gürcüstan” Açıq Səhmdar Cəmiyyəti (PAŞA Bank Gürcüstan) iri, orta və kiçik ölçülü müəssisələrə korporativ və investisiya bankçılığı xidmətləri təqdim edir.

PAŞA Bank Gürcüstan PAŞA Holding MMC-nin tərkibinə daxil olan regional bankı təmsil edir. PAŞA Bank 2013-cü ildən Gürcüstanda fəaliyyət göstərir.
2023-cü il PAŞA Bank Gürcüstan üçün çox uğurlu il oldu. Yaxın tarixdə ilk dəfə olaraq bank rentabelliyə nail olub və ili 1,7 milyon lari xalis mənfəətlə başa vurub. Bankın əməliyyat gəlirləri 30% artaraq 2023-cü il üçün 42 milyon lari təşkil edib. Nəticələr PAŞA Bankın korporativ və kommersiya bölmələri tərəfindən təmin edilib və ilin sonunda Bankın kredit portfelini 336 milyon lariyə çatdırıb. Depozitlərdə illik artım 16 milyon lari təşkil edib. 

PAŞA Bank Gürcüstan öz müştərilərinin maraqlarını korporativ strategiyasının təməl daşına qoyur və hər bir korporativ müştərinin davamlı böyüməsinə töhfə verməklə birlikdə yeni zirvələrə çatmağı hədəfləyir. PAŞA Bank müştərilərinin ehtiyaclarına uyğun yüksək keyfiyyətli xidmət göstərmək və Gürcüstan iqtisadiyyatının inkişafına töhfə verməklə Gürcüstanda korporativ müştərilərin əsas seçimlərindən birinə çevrilməyi hədəfləyir. Növbəti strateji dövrdə PAŞA Bank Gürcüstan pərakəndə biznesində dəyişikliklər həyata keçirəcək: bank kütləvi pərakəndə kreditləşməni dayandırmaq qərarına gəlib və rəqəmsal xidmətlərin göstərilməsini davam etdirəcək. Bu məqsədlərə nail olmaq üçün bank insan kapitalına sərmayə qoymağa və əsas dəyərlərinə sadiq qalmağa davam edəcək.

Daha ətraflı: www.pashabank.ge

PAŞA Bank Türkiyə (PAŞA Yatırım Bankı)

“PAŞA Yatırım Bankası” A.Ş. (PAŞA Bank Türkiyə), 25 dekabr 1987-ci ildə Yatırım Bank A.Ş adı ilə İstanbulda yaradılıb.

PAŞA Bank Türkiyə korporativ və investisiya bankçılığı olmaqla iki əsas sahədə fəaliyyət göstərir.

2015-ci ilədək Bank müxtəlif qruplar tərəfindən idarə olunub. 2015-ci ilin dekabr ayında səhmlərinin 99.92%-i baş ofisi Bakıda yerləşən regionun maliyyə təşkilatı "PAŞA Bank" ASC-yə ötürülüb. 2018-ci ilin iyun ayında Bankın səhmlərinin strukturu dəyişib: səhmlərin 49%-i “PAŞA Holding” MMC-yə, 51%-i isə “PAŞA Bank” ASC-yə məxsus olub. 2023-cü ildə PAŞA Bank ASC-yə məxsus səhmlərin PAŞA Holding MMC tərəfindən alınması ilə PAŞA Holding MMC-nin Bankdakı birbaşa payı 49%-dən 71,75%-ə yüksəlib.

31 dekabr 2023-cü il tarixinə Bankın aktivləri 10,467 milyard TL-ni, məcmu kapitalı isə 1,884 milyard TL-ni keçib.

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi “PAŞA Bank Türkiyə”nin Milli Uzunmüddətli Reytinqini A-(tur) səviyyəsinə yüksəldərək, bankın strategiyasının doğruluğunu təsdiqləyib. “PAŞA Bank Türkiyə”, Türkiyədə 2020-ci il ərzində kredit reytinqini artıran yeganə bank olub. "JCR Eurasia Rating", "PAŞA Bank"-ın Korporativ İdarəetmənin Əsasları reytinqini yenidən nəzərdən keçirərək, 9.11-dən 9.20-ə kimi yüksəldib, reytinq üzrə proqnozunu isə "Sabit" olaraq təyin edib.

"PAŞA Bank Türkiyə" fəaliyyətini İstanbulda yerləşən baş ofisindən idarə edir.

PAŞA Bank Türkiyə, Azərbaycan və Gürcüstan arasında ticarətin inkişafına töhfə vermək və regiona investisiya yatıran müəssisələri resurs və təlimatla təmin etmək məqsədilə korporativ və investisiya bankçılığı məhsulları vasitəsilə sahibkarlara xidmət göstərir.

Daha ətraflı: www.pashabank.com.tr